Tasua axşamı hər kəs sabah qovuşacaqları şəhidlik dərəcəsinin həyəcanı içindəydi.
Öləcəklərini bilə-bilə döyüşəcək, Allah Rəsulunun (s.ə.v) oğlunu qanlarının son damlasına qədər qoruyacaqdılar.
O gecə ilə bağlı İmam Səccaddan (ə.s) belə nəql olunur:
“Aşura gecəsi atam dostlarından bir neçəsi ilə çadırda oturmuşdu. Əbuzərin köləsi Cevn isə İmamın (ə.s) qılıncını düzəldirdi.
İmam (ə.s) bu şeiri oxumağa başladı:
“Dostluğuna utan, ey fələk!
Səhər və günorta vaxtlarında
Dostlarına və yaxınlarına gör nə qədər ölüm gətirirsən?
İşlər yalnız Allaha qalır.
Və hər bir canlı bu yolun yolçusudur”.
İmam Səccad (ə.s) sonra buyurdu:
“Mən İmamın (ə.s) bu şeirindən şəhadət xəbərini elan etdiyini anladım, bunun üçün gözlərim yaşla doldu, amma özümü saxladım.
Yatağımın kənarında oturub bu şeirləri eşidən bibim Zeynəb İmamın (s.ə) səhabələri dağılışan kimi İmamın çadırına gəlib dedi:
“Vay mənim halıma! Kaş ki, öləydim və belə bir günü görməsəydim. Ey ölənlərimin yadigarı! Ey qalanlarımın sığınacağı! Bu hadisə demək olar ki, bütün böyüklərimizin (atam Əli (ə.s), anam Zəhra (s.ə) və qardaşım Həsən (ə.s) müsibətlərini canlandırdı”.
İmam (ə.s), Zeynəbi-Kübraya (s.ə) təsəlli verdi və ona səbr etməyi tövsiyə edərək buyurdu:
“Ey bacım! Allahın təqdirinə səbr et. Bil ki, yer əhli hamısı öləcək, səma əhli də əbədi qalmayacaqdır. Yeri öz qüdrəti ilə yaradan və insanları dirildən Uca Allahın zatından başqa bütün varlıqlar fanidir. O Allah təkdir. Atam, anam və qardaşım Həsən (ə.s) məndən daha yaxşı idilər. Buna baxmayaraq, onların hamısı axirətə hicrət etdilər. Rəsulullahda (s.ə.v) mən və hər bir müsəlman üçün gözəl bir örnək vardır. Rəsulullah (s.ə.v) da axirətə köçdü. Ey bacım! Ümmü Gülsüm, ey Fatimə, ey Rübab! Mən öləndə yaxanızı didməyin, üzünü cırmayın və sizə yaraşmayan söz deməyin”. (Ənsabul Əşrəf, cild 3, səh. 185)
Prof Dr Haydar Baş, İmam Hüseyin, s. 531