Mübarək üç ayların ikincisi olan Şaban ayına bizi qovuşduran Allaha (c.c) sonsuz həmd və şükürlər olsun. Hz. Peyğəmbər (s.ə.v) buyurmuşdur: “Şaban mənim ayımdır. Rəcəb Allahın ayıdır, Ramazan isə ümmətimin ayıdır”.
Xeyir qapıları bu ayda açılar.
Bu ayda qullara bərəkətlər, uğurlar enər.
Bu ayda xətalar bir yana atılar.
Şaban ayında günahlar silinər.
Yaradılmışların ən xeyirlisi Rəsulullah Əfəndimizə daha çox salavat oxunacaq günlərdən keçirik.
Şaban ayı haqqında Hz. Peyğəmbər (s.ə.v) buyurur: “Şaban ayı Rəcəb ilə Ramazan arasındadır. Çox insan onu unudur. Halbuki əməllər, aləmlərin Rəbbi olan Allaha o ayda ərz edilir”.
Şaban ayında tutulan orucun mahiyyəti haqqında Hz. Aişədən gələn rəvayət belədir: “Hz. Peyğəmbər buyurdu: Ya Aişə, bu ay elə bir aydır ki, gələcək il içində öləcək kimsələrin isimləri ölüm mələyinə Şaban ayında yazılıb verilir. Əgər ismim ölüm mələyinə veriləcəksə, istərdim ki, ancaq oruclu olduğum halda verilsin”.
Rəsuli Əkrəmin (s.ə.v) Şaban ayında çox oruc tutmasıyla əlaqədar olan digər bir rəvayət də Ümmü Sələmə anamızdandır: “Əbu Nəsr, Məhəmməd və atası, Ata ibn Yəsardan nəqlən Ümmü Sələmə belə demişdir: Rəsulullah (s.ə.v) Əfəndimiz Ramazan ayı xaric, Şaban ayında tutduğu qədər oruc tutmamışdır”.
Peyğəmbər Əfəndimizin (s.ə.v) Hz. Ömərin oğlu Abdullaha etdiyi öyüd-nəsihət əslində ümmətə olan nəsihətdir:
“Beş şeydən əvvəl beş şeyin qiymətini bil…
1) İxtiyarlıqdan (qocalıqdan) əvvəl gəncliyin;
2) Xəstəlikdən əvvəl sağlamlığın;
3) Kasıblıqdan əvvəl zənginliyin;
4) Məşğuliyyətdən əvvəl boş zamanının;
5) Ölmədən əvvəl həyatının qiymətini bil”.
Dünyaya gəlmə qayəmiz Allaha (c.c) qulluq və Peyğəmbər Əfəndimiz Muhamməd Mustafaya (s.ə.v) ümmət olmaqdır.
Şaban ayı da Rəcəb ayı kimi görülən əməllərin feyz və bərəkət vəsiləsi olduğu, rəhmətin möminlərə bol-bol yağdığı müqəddəs bir zamandır. Günahların əfvinə vəsilə, tövbələrin qəbul edildiyi gecələrlə dolu xüsusi bir zaman…
Ətrafımıza baxdığımız zaman, üç ayların əvvəlki hörmətinin itdiyinin, üzülərək, qənaətinə gəlirik. Hətta Ramazan ayı belə əvvəlki önəmini itirmiş vəziyyətdədir.
İslamın bayraqdarı olan Türk milləti, İslam və Əhli-Beyt xəmiri ilə yoğrularaq Müsəlman-Türk olmuş və bugünlərə gəlmişdir.
Birliyimizin, dövlətimizin davamının, toplum olaraq dincliyin təminatı inancımızı yaşamaqdır. Göz yaşları içində Haqqa açılan əllərimiz, səcdədəki başlarımız bu qiymətli günlərdə və gecələrdə dualarımızın qəbuluna vəsilə olacaqdır.