Bu fəsildə Hz. Əli’nin (ə.s) daima yanında olan və bütün meyarlar baxımından Hz. Peyğəmbərdən (s.ə.v) sonra gələn müstəsna insan olduğuna inanan, Qədr-i Xum’da Hz. Əli’nin (k.v) xəlifə təyin olunduğunu qəbul edən, vəd və verdikləri sözdən dönməyən səhabələrdən, eyni zamanda onların yolu ilə gedən tabiindən bəhs edəcəyik.
Yasir b. Qeys Ənbəsin oğlu Ammar (künyəsi Əbu Yəqzan) Peyğəmbərimizin (s.ə.v) və Hz. Əli’nin (ə.s) böyük səhabələrindən olan Ərkan-ı Ərbaa’dan hesab olunur. O, Məzhəc qəbiləsindən idi. 34 yaşında müsəlman oldu və anası ilə birlikdə müsəlman olduqlarını ilk elan edən şəxslərdir. İslam dininin yayıldığı ilk günlərdə Quba məscidinin tikintisində iştirak etdi. O, Allah (c.c) yolunda bir çox işkəncəyə məruz qaldı. Atası və anası bu yolda şəhid oldu. O, təqiyyə edərək özünü qorudu. Xəlifə Osmana qarşı müxalifətdə dayananlarla əlbir oldu. Cəməl və Siffin döyüşlərində iştirak etdi. Siffin döyüşündə Muaviyə tərəfindən şəhid ediləndə 90 yaşı var idi. Hz. Əli (ə.s) Ammarı qüsl etmədən paltarla dəfn etdi. Abdullah b. Ömər belə deyir: “Yəmamə döyüşündə Ammarın yüksək bir təpəyə çıxaraq, ‘Ey müsəlmanlar! Cənnətdənmi qaçırsınız? Mən Ammar b. Yasirəm! Yanıma gəlib, sözlərimi eşidin!’ deyə səslənirdi. Bu əsnada qulağının qopduğunu və yerdə tərpəndiyini gördüm.”