Allah insanı “əşrəfi -məxluq” olaraq ən gözəl şəkildə yaratmış, bütün məxluqatı isə insanın istifadəsi üçün xəlq etmişdir. Gördüyümüz və görə bilmədiyimiz hər neməti istifadəmizə verən Rəbbimiz bizə daha bir əvəzolunmaz nemət də bəxş edib. Bu əvəzsiz nemət hər kəsin arzuladığı, ancaq hər kəsin düzgün istifadə edə bilmədiyi sağlamlığımızdır.
Uca dinimiz sağlam yaşamaq və sağlam həyat tərzimiz üçün bizlərə mükəmməl qanunlar qoymuşdur. Sağlam, güclü və dözümlü olmaq hər bir müsəlmanın haqqı olduğu kimi, həm də bir borcudur. Bu barədə Hz.Peyğəmbərimiz (s.ə.v), İmam Əli (ə.s) və övladları – Hz. Həsən (ə.s) və Hz. Hüseyn (ə.s) ən gözəl örnək və nümunələrdir. Bu mübarək şəxslər və onlardan sonra gələn pak Əhli – Beyt mənsubları ömürləri boyu ağır iztirablara tab gətirərək çox bəlaları, savaşları və xəstəlikləri dəf etməklə yüsək mənəvi sağlamlıqla bərabər, həm də yetkin fiziki-cismani keyfiyyətləri ilə də ümmətə gözəl nümunə olmuşlar.
Məlumdur ki, bir çox hədislərdə Peygəmbərimiz (s.ə.v) cəsur pəhləvan, cəngavər döyüşçü, şücaətli igid kimi də göstərilmişdir. Onun ruhuna möcüzəvi şəkildə mənəvi və fiziki qüdrət hopmuşdur. Xarakter cəhətdən sağlam, çevik və qorxmaz olan Rəsulullahın (s.ə.v) sadalanan bu keyfiyyətlərinə bəslənilən sonsuz rəğbət hissi, bütün İslam ümmətini, o cümlədən onun varisləri olan Hz. Əlini, Hz. Həsəni və Hz. Hüseyni mütəmadi olaraq daşqaldırma, güləş, oxatma, qılıncoynatma, at çapma və s. kimi idmanın bir çox növləri ilə məşğul olmağa təşviq etmişdir. Bu da bir həqiqətdir ki, bu cür güclü və sağlam orqanizmə, sağlam ruha sahib olmaq üçün eyni zamanda sağlam həyat tərzi – düzgün qidalanmaq, normal fiziki iş və normal istirahət balansının saxlanılması, habelə şəxsi gigiyena əsas şərt olub, bu işdə də Peyğəmbərimiz (s.ə.v) və Əhli-Beyti bizlərə ən gözəl nümunədir.
Sağlamlıq və sağlam həyat tərzi haqqında İslam böyüklərinin həyatlarından örnəkləri növbəti yazılarımızda da sizinlə paylaşacağıq.