Səlmanın müsəlman olması:
Səlman necə müsəlman olduğunu belə anladır:
“Mən İsfahanın Cey kəndindən olan bir adamın oğlu idim. Atam məni sevdiyi üçün, məni işlətməzdi və evdə oturdardı. Lakin məcusilərin (atəşpərəstlərin) ayinlərinə marağım var idi. Bir gün məbədin yanından keçəndə, ayin səsini eşitdim və xoşuma gəldi. İçəri girərək, ‘Bu ayinin yerinə yetirildiyi əsl mərkəz haradadır?’ deyə soruşdum. Şam olduğunu söylədilər. Şama getdim və orada bir din adamının yanında təhsil almağa başladım. Bir müddətdən sonra o məni Mosula yolladı. Mosula gedib oradakı keşişi tapdım. Sonra Nusaybin və Amuriyəyə getdim. Amuriyədəki keşiş mənə belə dedi: ‘Ərəb bölgəsində İbrahim dinində olan bir Peyğəmbərin zühuru yaxınlaşmışdır.’ Mən, ‘O’nun işarələri nələrdir?’ deyə soruşdum. ‘Sədəqələri deyil, hədiyyələri qəbul edəcəkdir. İki kürəyi arasında peyğəmbərlik möhürü vardır’ dedi.”
Daha sonra Səlman Amuriyəyə gələn bir Mədinə karvanına qoşulur. Ancaq karvan sahibləri onu kölə kimi bir yəhudiyə satırlar. Daha sonra ağası onu Mədinəyə aparır.
Səlman hadisələrin gedişatını belə anladır:
“Mən bir gün xurma bağçasında işləyərkən, bir nəfər gəldi və belə dedi: ‘Kubada Məkkədən gələn və Peyğəmbərlik iddiasında olan bir şəxsin ətrafında xalq toplanmışdır. O’nun Peyğəmbər olduğunu söyləyirlər.’ Axşamüstü bir ovuc xurma alıb, O’nun yanına getdim və xurmaları O’na təqdim edərək sədəqə olduğunu söylədim. O, bunları yanındakılara payladı. Ancaq özü yemədi. Mən həmin anda keşişin ‘O sədəqə yeməz!’ sözünü xatırladım. Ertəsi gün, yenə bir ovuc xurma alıb, O’nun yanına getdim və belə dedim: ‘Sizin sədəqə yemədiyinizi gördüm. Bunlar hədiyyədir, buyurun’ dedim. Allah Rəsulu xurmaları aldı və əshabına paylayandan sonra, özü də onlardan yedi. O vaxt özüm-özümə, ‘Bu, keşişin söylədiyi ikinci əlamətdir’ dedim. Axırda iki kürəyinin arasında peyğəmbərlik möhürü olub-olmadığını anlamağa çalışdım. Rəsulullah Baqi qəbiristanında bir cənazədə iştirak edirdi. Birdən ridası düşdü və mən iki kürəyinin arasında peyğəmbərlik möhürünü gördüm. Dərhal qaçıb kürəyini, əllərini və ayaqlarını öpməyə başladım. O, ‘Nə olub sənə?’ buyurdu. Mən də eşitdiklərimi danışdım. O zaman Peyğəmbər belə buyurdu:
‘Ey Səlman! Nə bahasına olursa olsun, sahibinlə azadlıq müqaviləsini yaz, imzala və azad ol!’ Sahibim 300 xurma ağacı, 40 qızıl qarşılığında azadlıq müqaviləmi imzaladı. Bunu Peyğəmbərə söyləyəndə ‘Qardaşınıza xurma ağacı əkməsinə kömək edin!’ buyurdu.
Daha sonra əshabın gətirdiyi 300 xurma fidanını Allah Rəsulu öz əliylə əkdi. Peyğəmbər bir döyüşdə aldığı qəniməti mənə verərək buyurdu:
‘Əhdinə vəfa et və azad ol!’ Mən də ücrəti ödəyərək azad oldum.”
Mənbə: Prof. Heydər Baş, “İMAM ƏLİ”, səh. 245-246.